02-05-2025
<> May ayının 2-də Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri, xeyirxah insan, müdrik ağsaqqal Xuduş İsgəndərovun 85 yaşı tamam olur. <> Xuduş İsgəndərov hər zaman yaxşılığın keşiyində dayanan ləyaqətli, alicənab, yüksək mənəviyyata malik vətənpərvər şəxsiyyət, zəhmətkeş fəaliyyəti, xoşməramlı işləri ilə insanların hörmət və sevgisini qazanan dəyərli ağsaqqaldır. Uzun illər ərzində müxtəlif məsul vəzifələrdə çalışarkən ölkəmizin inkişafı naminə göstərdiyi fədakarlıq, xalqımızın rifahı üçün etdiyi xidmətlər daim yüksək qiymətləndirilmişdir. Həyatı boyunca hər zaman xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutan, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan Xuduş İsgəndərov səmərəli fəaliyyəti, prinsipiallığı və xeyirxah əməlləri ilə ona göstərilən etimadı layiqincə doğrultmuşdur. Qazandığı uğurlara görə “Tərəqqi” medalına, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına və bir sıra digər nüfuzlu mükafatlara layiq görülmüşdür. Faydalı, mənalı və şərəfli ömür sürən alicənab ziyalı, dəyərli şəxsiyyət, müdrik ağsaqqal Xuduş İsgəndərov üçün ən böyük mükafat xalqımızın, eləcə də Zəngilan rayonu əhalisinin ona olan yüksək hörmət və sevgisidir. <> Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın inkişafı naminə Xuduş müəllim bu gün də yüksək əzmkarlıq nümayiş etdirir. Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik ziyalı, nüfuzlu şəxsiyyət kimi ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, öz şərəfli ağsaqqallıq missiyasını uğurla həyata keçirməklə Azərbaycan dövlətçiliyinin tərəqqisinə, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə, mənəvi və fiziki cəhətdən sağlam inkişafına dəyərli töhfələr verir. <> Azərbaycanın dilbər guşəsi Zəngilanın el ağsaqqalı, şərəf və vicdanla yaşadığı ömrünün müdriklik zirvəsində olan Xuduş İsgəndərovu 85 illik əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq! <> Dərin hörmətlə, <> Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin <> üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV