18-12-2024
<> Dekabrın 17-də Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə keçirilən görkəmli Azərbaycan alimi və mətbuat tarixçisi, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş dəyirmi masada iştirak edib. <> Toplantını giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, professor Şirməmməd Hüseynovun həyat və elmi fəaliyyətinin mühüm məqamlarından bəhs edib, onun 70 ilə yaxın bir dövr ərzində Bakı Dövlət Universitetində səmərəli fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib, əsərləri və layiq görüldüyü mükafatlar haqqında danışıb. <> Tədbirdə çıxış edən Şəki Rayon Ağsaqqallar Şurasının sədri, müharibə veteranı Vaqif Əhmədov da Azərbaycan xalqının qarşısında dəyərli xidmətləri olan jurnalist-alim Şirməmməd Hüseynovun həyat və yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən söz açıb. Vurğulayıb ki, o, təkcə Azərbaycan jurnalistikasında bir məktəb yaratmış görkəmli alim deyil, həm də müdrik ağsaqqal və güclü mənəviyyat adamı idi. Şirməmməd Hüseynovun həyat və fəaliyyəti müasir gənclərimiz üçün bir örnəkdir. Natiq, həmçinin, qocaman professor, alicənab insan Şirməmməd Hüseynovun düzlük, paklıq carçısı olan böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə ilə yaxın dostluq əlaqələrindən, Şəkinin hər iki tanınmış şəxsiyyətinin elmimizə və poeziyamıza verdiyi misilsiz töhfələrdən bəhs edib. <> Dəyirmi masada çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Sadiq Yusifov, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimləri Rasimə Bəkirova, AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslan, “Şəki” qəzetinin baş redaktoru, Respublikanın Əməkdar Jurnalisti Akif Salam, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, jurnalist, “Qızıl Qələm” media mükafatı laureatı Çingiz Nağıyev və başqaları çıxış edərək böyük alimin elmi və publisistik yaradıcılığının ayrı-ayrı məqamlarından söz açıblar, onun haqqında xoş xatirələrindən danışıblar.