15-07-2024
İmişli rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Kral” şadlıq sarayında rayon Ağsaqqallar Şurasının üzvləri üçün nahar süfrəsi təşkil edilib. Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və rayon ağsaqqalları iştirak edib. Görüşü giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin gördüyü işlərdən söz açıb. Natiq bildirib ki, son zamanlar Şuranın işinin müasir çağırışlara uyğun yenidən təşkil olunması və nəticədə qurumun fəaliyyətində nəzərəçarpacaq canlanmanın yaranması, 77 şəhər və rayon Ağsaqqallar Şurasının öz işlərini yüksək səviyyədə qurması və əldə olunan bir sıra digər nailiyyətlər onun adı ilə bağlıdır. Saleh Səmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb. Digər çıxış edənlər əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə ağsaqqallar adından minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər.