07-10-2024
<> Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ölkəmizin elmi-pedaqoji, ictimai-siyasi həyatında və Azərbaycan Ağsaqqallar Şurasının işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 80 illik yubileyi münasibətilə Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Tibb Universitetinin prorektoru, professor Sabir Əliyevin “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilməsi barədə əmr imzalayıb. <> Azərbaycan Tibb Universitetində Sabir Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq yubilyarın ölkəmizin elmi və ictimai həyatındakı fəaliyyətini yüksək qiymətləndirib. O, Sabir Əliyev kimi nüfuzlu alim və ağsaqqalların xalqımız və dövlətimiz üçün hər zaman dəyərli olduğunu bildirib. Vurğulayıb ki, həyatını Azərbaycanın inkişafına, xalqımızın fiziki və mənəvi sağlamlığına, gələcək nəsillərin təlim-tərbiyəsinə və elmi-mənəvi yüksəlişinə həsr edən Sabir Əliyev rəhbərliyində təmsil olunduğu Azərbaycan Tibb Universitetinin yeni inkişaf mərhələsinə qədəm qoymasında, tədrisin keyfiyyətinin yüksəldilməsində və savadlı kadrların yetişdirilməsində böyük xidmətləri olmuşdur. Sabir müəllim, həmçinin, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq dəyərli bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə cəmiyyətimizin inkişafında, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Çıxışının sonunda Bayram Yusifov Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinskinin təqdimatı əsasında professor Sabir Əliyevin “Fəxri ağsaqqal” döş nişanına layiq görüldüyünü diqqətə çatdırıb. Sonra o, ölkəmizin elmi-pedaqoji və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Tibb Universitetinin prorektoru, professor Sabir Əliyevi 80 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından təbrik edərək, ona “Fəxri Ağsaqqal” döş nişanını təqdim edib və yubilyara möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb. <> Konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AR ETN Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və digər natiqlər yubilyarın Azərbaycan Tibb Universitetində 55 ildir uğurla çalışdığını vurğulayaraq, onun patofiziologiya elmində bir çox nailiyyətlər əldə etdiyini, əsl alim olduğunu diqqətə çatdırıblar. Universitetdəki xidmətlərindən ətraflı bəhs edərək, onu tələbələrin dostu adlandırıblar. Eyni zamanda, Sabir müəllimi məsuliyyətli və tələbkar pedaqoq kimi dəyərləndirərək, görkəmli alimi 80 illik yubileyi münasibətilə təbrik ediblər. <> Yubilyar Sabir Əliyev konfransda təşəkkür nitqi söyləyib. Ona göstərilən yüksək diqqətə və qayğıya görə hər kəsə öz minnətdarlığını bildirib. <> Tədbirdə, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski və bir çox digər nüfuzlu alimlər, ictimai-siyasi xadimlər də iştirak ediblər. <> Konfransda professor Sabir Əliyevin fəaliyyətinə həsr edilmiş “Ömrün müdrik fəsli” filmi nümayiş etdirilib. Sonda konsert proqramı təqdim olunub.