21-06-2024
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Oruclu kənd Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşü giriş sözü ilə açan Saleh Səmədov qeyd edib ki, Azərbaycanda ağsaqqal sözünə tarixən hörmət və ehtiramla yanaşılıb. Xalqımızın Ümummilli Lideri ağsaqqallara daim dərin ehtiram bəsləyib, qayğı ilə yanaşıb. Hazırda bu gözəl ənənə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün çalışırlar. Yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Görüşdə çıxış edən ağsaqqallar ölkəmizdə aparılan abadlıq quruculuq işlərinin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atan ölkə Prezidenti cənab İlham Əliyevə ağsaqqallar adından dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, əsas vəzifəmiz müasir gəncliyimizi sağlam ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdən ibarətdir. Səmimi keçirilən görüş daha sonra diskussiya şəklində davam etdirilib.