25-05-2024
İmişli Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə rayonun bir qrup ağsaqqalı ilə görüş keçirilib. Görüşdə əsas məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin rayon ictimaiyyəti arasında təbliği olub. Əvvəlcə görüş iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra görüşü giriş sözü ilə açan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan bəhs edib və ağsaqqallara, eləcə də zəngin həyat və iş təcrübəsinə malik olan ziyalılara daim ehtiyacın olduğunu bildirib. Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin gördüyü təqdirəlayiq işlərdən də söz açıb. Bildirib ki, qısa müddətdə təşkilatın işinin müasir çağırışlara uyğun yenidən təşkil olunması və nəticədə qurumun fəaliyyətində nəzərəçarpacaq canlanmanın yaranması, 77 şəhər və rayon Ağsaqqallar Şurasının öz işlərini yüksək səviyyədə qurması, Şuranın beynəlxalq əlaqələrinin genişləndirilməsi, xüsusilə də Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaxından iştirak etməsi və əldə olunan bir sıra digər nailiyyətlər onun adı ilə bağlıdır. Natiq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından da söz açıb. Sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədr müavini Davud Zülfüqarov çıxış edərək ağsaqqallıq missiyasının hər bir ağsaqqal üçün həm şərəf, həm də dövlət və cəmiyyət qarşısında məsuliyyətli bir iş olduğunu qeyd edib. Çıxış edən digər natiqlər əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ağsaqqallar adından minnətdarlıqlarını ifadə ediblər və dövlət başçısının həyata keçirdiyi siyasi kursu birmənalı dəstəklərini bildiriblər. Görüşdən sonra Rayon Ağsaqqallar Şurasının dəstəyi ilə nahar süfrəsi açılıb.