İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüşlər davam edir

01-07-2024

Xəbər Şəkli

İmişli rayon Ağsaqqallar Şurasının akt zalında baş tutan iclasda Qaraqaşlı, Mürsəlli və Muradxanlı kəndlərinin Ağsaqqallar Şurası üzvləri ilə görüş keçirilib. İclası giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonun ictimai, siyasi həyatında ağsaqqalların əhəmiyyətli rolundan danışıb. Qeyd edib ki, gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, o cümlədən milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda, sağlam təməl üzərində yetişdirilməsi işində ağsaqqallara həmişə böyük ehtiyac duyulub. Saleh Səmədov bildirib ki, işğal altındakı torpaqlarımızın azad olunmasında, böyük Qələbənin qazanılmasında yüzlərlə imişlili gənc qəhrəmanlıqlar göstərərək öz adlarını Azərbaycanın şanlı Zəfər tarixinə qızıl hərflərlə yazıblar. Bu Qələbənin əldə edilməsində ağsaqqalların da əməyi danılmazdır. İmişli rayon Ağsaqqallar Şurasının sədr müavini Rahim Zahidov qeyd edib ki, öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini ürəkdən dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişafda olan ölkəmizin parlaq gələcəyi naminə qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Digər çıxış edən ağsaqqallar hər zaman Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıblar. Daha sonra təşkilatı məsələlərə baxılıb. Şair Kövsər Əhədov Qaraqaşlı, Vaqif Nəsirov isə Muradxanlı kənd Ağsaqqallar Şurasının sədri seçiliblər. Tədbirin sonunda rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayon Ağsaqqallar Şurasının sədr müavini Davud Zülfüqarovu 75 illiyi münasibətilə, həmçinin Kənd Ağsaqqallar Şurasının yeni seçilmiş sədrlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.