İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli Rayon Ağsaqqallar Şurasının üzvləri 30 ildən sonra nəşi tapılan şəhidimizin dəfnində iştirak ediblər

14-05-2024

Xəbər Şəkli

Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də İsmayılov Siyavuş Eldar oğlu olub. Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilən, bir neçə gün əvvəl isə kimliyi məlum olan Siyavuş İsmayılovun nəşinin qalıqları İmişli rayonuna gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü İsmayılov Siyavuş Eldar oğlunun nəşinin qalıqları şəhidin yaşadığı Şahverdili kəndinin məzarlığında dəfn olunub. Dəfn mərasimində şəhidin ailə üzvləri, digər şəhid ailələri, qazilər, eləcə də İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və təşkilatın üzvləri, İmişli rayon icra hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti, ağsaqqallar və kənd sakinləri iştirak ediblər. Qeyd edək ki, Siyavuş İsmayılov 1994-cü ildə Füzuli rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və elə həmin il yanvarın 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.