25-06-2024
İmişli rayon Ağsaqqallar Şurasının təşkilati məsələlərlə bağlı iclası keçirilib. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İclası giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib. Digər çıxış edənlər əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə ağsaqqallar adından minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər. Sonra təşkilati məsələlərə baxılıb. Əvvəllər İmişli rayon İcra Hakimiyyətində müavin, Dövlət Aqrar İnkişaf Mərkəzinin müdiri vəzifələrində işləmiş Səlim Məhərrəmov, hazırda İmişli rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri işləyən Rahim Zahidov, əvvəllər rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə işləmiş Hüseyn Hüseynov İmişli rayon Ağsaqqallar Şurasının müavinləri seçiliblər.