25-09-2024
<> İmişli rayon Ağsaqqallar Şurası 25 sentyabr 2024-cü il tarixdə Bəhrəmtəpə Melioservis idarəsinin ağsaqqalları ilə tədbir keçirdi. <> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr köməkçisi Ramiz Əliyev , şura üzvü Adil Kərimov, Melioservis İdarəsinin rəisi Bakir Əliyev və Melioservis idarəsinin 27 nəfər ağsaqqalı İştirak edirdilər. <> Tədbirdə əsas məsələ Ağsaqqallar Şurasının Bəhrəmtəpə Melioservis idarəsində yerli şöbəsinin yaradılması və rayon Ağsaqqallar Şurasının fəaliyyəti barədə məlumat verilməsidir. <> Məsələ barədə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov məlumat verdi. O, tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin adından təbrik etdi və onlara can sağlığı və bu yeni fəaliyyətlərində uğurlar arzuladı. <> Şuranın sədri Saleh Səmədov son dövrdə rayon Ağsaqqallar Şurasının fəaliyyətinin nəzərə çarpacaq dərəcədə gücləndiyini, yeni yerli şuraların təsis edildiyini və üzvlərinin sayının günü gündən artdığını qeyd etdi. Bildirdi ki, son dövrlərdə 4 yeni yerli ərazi təşkilatı təsis edilmiş, hazırda şuranın siralarında 661 nəfər ağsaqqal birləşir. Şura üzvləri rayonda keçirilən ictimai-siyasi tədbirlərdə daha aktiv iştirak edirlər. Belə ki, yeni dərs ilinin başlanması ilə əlaqədar rayonun məktəblərində keçirilən tədbirlərdə iştirak edilərək şagird və müəllimlərə tövsiyələr verilmişdir. Ağsaqqallar Şurasının Şahverdili-Göbəktala yerli təşkilatının otaqının avadanlıqla təhcis edilmiş və ayrı-ayrı ehtiyacı olan insanlara humanitar məqsədli köməkliklər göstərilmişdir. <> Sonra sədr Saleh Səmədov rayon Ağsaqallar Şurasının gələcəkdə həyata keçirəcəyi tədbirlərdən ətraflı şəkildə danışdı. <> Tədbirdə çıxış edənlər Ramiz Əliyev, Adil Kərimov, idarənin rəisi Bakir Əliyev, rayon Ağsaqqallar Şurasının fəaliyyətinin daha da genişlənməsinin və tədbirlərinin rəngarəngliyinin artmasının rayonun əhalisi arasında təğbətlə qarşılandığını qeyd etdilər və yeni yaranan yerli ağsaqqallar şurasının işinə uğurlar arzu etdilər. <> Müzakirələr başa çatdıqdan sonra Bəhrəmtəpə Melioservis İdarəsində ağsaqqallar arasında keçirilən səs vermə yolu ilə yerli ağsaqqallar şurasının 9 nəfərdən ibarət idarə heyəti, sədr və onun 2 müavini seçildirlər: Fərhad Zamanov, Rizvan Musayev, Adil Mürsəlov, Alşan Gözəlov, Rizvan Cəfərov, Elşən Şıxəliyev, Vəfadar Aslanov, Şahin Allahyarov, Fəxrəddin Rəhimov İdarə heyətinin üzvləri, Fərhad Zamanov –sədr, Rizvan Musayev və Adil Mürsəlov sədrin müavini seçildilər. <> Yekunda İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov yeni seçilən üzvləri təbrik etdi, onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzu etdi.