29-10-2024
<> Oktyabr ayının 29-da Quba Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal İldırım Məmmədovun 75 yaşı tamam olur. <> Zəhmətkeşliyi, sadəliyi, təvazökarlığı, dürüstlüyü və nikbinliyi ilə çoxları üçün örnək sayıla bilən İldırım Məmmədov gənc yaşlarından başlayan uzunmüddətli səmərəli fəaliyyəti və işgüzarlığı ilə seçilərək Vətənimizin gözəl guşəsi Qubada söz və nüfuz sahibi olmuşdur. Aqrar sahədə bir sıra məsul vəzifələrdə ölkəmizin tərəqqisi naminə uğurla çalışaraq, fəaliyyəti boyunca rayonda kənd təsərrüfatının inkişafına böyük töhfələr vermişdir. O, Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra torpaq islahatlarının uğurla həyata keçirilməsi məqsədilə öz sözünü demiş, səmərəli təkliflərini irəli sürmüşdür. 1993-cü ilin məlum iyun hadisələri zamanı Quba rayonundan Ümummilli Lider Heydər Əliyevlə görüşən məhz İldırım Məmmədov olmuşdur. 1994-cü ilin aprel ayında respublikanın aqrosənaye kompleksi işçilərinin görüşü zamanı İldırım Məmmədovun kənd təsərrüfatında yaranmış vəziyyətlə bağlı cəsarətli çıxışı Ulu Öndərin diqqətini çəkmişdir. O, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi göstərişlərin təbliğinə və təsərrüfatlarda tətbiqinə xüsusi diqqət yetirir. Hansı sahədə çalışmağından asılı olmayaraq, ətrafındakılara hər zaman köməklik göstərməyə çalışan İldırım Məmmədov hazırda idarə etdiyi fermer təsərrüfatında onlarla insanı işlə təmin edib. <> Cəmiyyətdə gedən ictimai-siyasi proseslərdən də kənarda qalmayan İldırım Məmmədov Quba Rayon Ağsaqqallar Şurasının sədri kimi nümunəvi fəaliyyəti ilə xalqımıza, dövlətimizə dəyərli xidmətlər göstərir. Rayonun sosial-iqtisadi inkişafında, ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. <> Xalqımıza və dövlətimizə dəyərli xidmətlər göstərən alicənab şəxsiyyət, müdrik ağsaqqal, dəyərli insan İldırım Məmmədovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq! <> Dərin hörmətlə, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV