17-06-2024
Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, xəstələr və imkansız ailələr ziyarət edilir. Bu müqəddəs Qurban bayramı günlərində öz nəciblik və xeyirxahlıq missiyasını davam etdirən Azərbaycan Ağsaqqallar Şurasının İmişli rayon təşkilatının sədri Saleh Səmədov uzun müddət xəstəlikdən əziyyət çəkən Rayon Ağsaqqallar Şurası üzvlərinə baş çəkib, onların səhhətləri, ailə qayğıları ilə maraqlanıb. Şura üzvləri ilə görüşdə Saleh Səmədov onlara uca Allahdan şəfa diləyib, problemlərinin həllində əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. Xəstəlikdən əziyyət çəkən ağsaqqallara bayram sovqatları verilib və maddi yardım edilib. Xəstələrin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildiriblər.