04-10-2024
<> Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatları mütəmadi olaraq aktual məsələlərlə bağlı geniş tədbirlər keçirirlər. Növbəti belə bir tədbir oktyabr ayının 3-də – Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 31-ci ildönümündə Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə baş tutub. <> Gəncə Dövlət Universitetində keçirilən konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, ziyalılar, qazilər, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. <> Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. <> Tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun və öz adından salamlayan Yadigar Bədəlov giriş nitqində vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, inkişaf etdirilməsini və təbliğini daim diqqət mərkəzində saxlayır. Ölkəmizin hər bir şəhər və rayonunda olduğu kimi, Gəncədə də milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilir, maarifləndirmə işləri aparılır. Bu işlərin həyata keçirilməsində Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri, nüfuzlu ağsaqqallar, ziyalılar əhəmiyyətli rol oynayırlar. Sonra natiq konfransın işinə uğurlar arzulayıb. <> Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov öz çıxışında xalqımızın min illərlə yaratdığı və qoruyub saxladığı milli-mənəvi dəyərlərimizdən, adət-ənənələrimizdən bəhs edib. Vurğulayıb ki, xalqımızın hər bir nümayəndəsi kimi gəncəlilər də hər zaman milli-mənəvi dəyərlərmizə sadiqlik göstəriblər, bu dəyərləri yaşadaraq inkişaf etdiriblər. O cümlədən Gəncə ağsaqqalları üçün də tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Hazırda da bu müsbət tendensiyanı Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri böyük ruh yüksəkliyi ilə davam etdirirlər. Sonra natiq Gəncə Şəhər Ağsaqqallar Şurasının gördüyü işlər, həyata keçirdiyi tədbirlər və layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Əsas hədəfin gənclərlə ciddi maarifləndirmə işlərinin aparılması, onlara milli-mənəvi dəyərlərin aşılanması olduğunu bildirib. Professor Nurəddin Məmmədov çıxışının sonunda vurğulayıb ki, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri bundan sonra da gənclik enerjisi və ağsaqqal müdrikliyi ilə öz fəaliyyətlərini davam etdirəcəklər. <> Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq bildirib ki, yerli təşkilatlar tərəfindən müntəzəm olaraq aktual mövzulara həsr olunmuş tədbirlər, görüşlər keçirilir, gənclərimizlə maarifləndirici söhbətlər aparılır. Professor Nurəddin Məmmədovun sədrlik etdiyi Gəncə Şəhər Ağsaqqallar Şurası bu sahədə böyük aktivlik nümayiş etdirir və Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 31-ci ildönümündə keçirilən bu möhtəşəm konfrans da məhz təşkilatın səmərəli fəaliyyətin bariz nümunəsidir. Buna görə də Nurəddin müəllimə və ümumi işə töhfə verən təşkilatın hər bir üzvünə minnətdarlığımızı bildiririk. <> Sonra natiq Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərə malik olduğunu vurğulayaraq qeyd edib ki, milli kimliyimizin formalaşmasında bu dəyərlər müstəsna rola malikdir. Ümumiyyətlə, milli-mənəvi dəyərlərimiz dedikdə, əsas etibarilə, milli dilimiz, tariximiz, ənənəvi dini dəyərlərimiz, həmçinin zəngin aşıq sənətini, muğamı özündə ehtiva edən milli musiqimiz, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, bizi bir çox xalqlardan müsbət mənada fərqləndirən qonaqpərvərliyimiz və bir çox digər ali dəyərlərimiz göz önündə canlanır. Təbii ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, yaşadılmasında və gələcək nəslə ötürülməsində ağsaqqalların böyük rolu vardır. Ağsaqqallarımızın bu şərəfli missiyasına ən yüsək qiyməti milli-mənəvi dəyərlərimizin hamisi, Ümummilli Liderimiz Heydər Əliyev vermişdir: “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur.” Natiq, həmçinin, bildirib ki, müasir dövrümüzdə milli-mənəvi dəyərlərimizə yüksək diqqətin bariz nümunəsini Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, ISESKO-nun və 2004-2022-ci illərdə UNESCO-nun xoşməramlı səfiri olmuş Mehriban xanım Əliyeva göstərir. Onların təşəbbüsü və səyləri nəticəsində milli-mənəvi dəyərlərimizin inkişafı, geniş təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilir. UNESCO-da Azərbaycanın milli muğam sənətinin, aşıq sənətinin maddi-mədəni irs siyahısına salınması, eləcə də, BMT-də hər il mart ayının 21-nin bütün dünya ölkələri tərəfindən Novruz günü kimi qeyd olunması bu fədakar əməyin bəhrəsidir. Çıxışının sonunda Bayram Yusifov gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların maarifləndirilməsində ağsaqqalların üzərinə yenə də böyük vəzifələrin düşdüyünü vurğulayıb və gənclərə xitab edərək onları cəmiyyətdə daha aktiv olmağa, elm və biliklərə yiyələnməyə, Vətənə, dövlətə, xalqa, tarixi irsimizə və milli-mənəvi dəyərlərimizə hər zaman sadiq olmağa çağırıb. <> Sonra Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə, “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədri Eyvaz Hüseynov, habelə tələbələr və digər natiqlər çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunmasından və bu dəyərlərimizin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən söz açıblar. <> Sonda bir qrup şəxs Gəncə Şəhər Ağsaqqallar Şurasının işində səmərəli fəaliyyətlərinə görə təşkilatın təşəkkürnamələri ilə təltif olunublar.