29-04-2024
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Saleh Səmədovu İmişli Rayon Ağsaqqallar Şurasının sədri seçilməsi ilə əlaqədar qəbul edib. Görüşdə Eldar Quliyev Saleh Səmədovu İmişli Rayon Ağsaqqallar Şurasının sədri seçilməsi münasibətilə təbrik edərək bildirib ki, bu, sizə göstərilən böyük etimad və sizin üçün böyük məsuliyyətdir. O, ölkəmizin 77 şəhər və rayonunda mövcud olan yerli təşkilatların fəaliyyətindən bəhs edərək qurumdakı müsbət dəyişikliklərdən, dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söz açıb. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələri, o cümlədən İmişli rayonu uğurla inkişaf edir. Əminəm ki, İmişli Rayon Ağsaqqallar Şurası da sizin sədrliyiniz ilə öz fəaliyyətini daha da genişləndirəcək və inkişaf etdirəcəkdir. O, Saleh Səmədova İmişli Rayon Ağsaqqallar Şurasının sədri kimi gələcək fəaliyyətində uğurlar arzulayıb. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov səmimi qəbula və göstərilən etimada görə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə öz minnətdarlığını bildirib. Qeyd edib ki, Rayon Ağsaqqallar Şurasının daha aktiv fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəkdir. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəsiqəsini Saleh Səmədova təqdim edib.