İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Azərbaycan Ağsaqqallar Şurasının Novruz bayramı münasibətilə təbriki

20-03-2025

Xəbər Şəkli

<> Azərbaycan Ağsaqqallar Şurası Novruz bayramı münasibətilə xalqımızı təbrik edib. Təbrikdə deyilir: <> Əziz həmvətənlər! <> Sizi baharın, gözəlliyin, sevginin, bərəkətin, təbiətin oyanışının və həyatın canlanmasının rəmzi olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq, bol ruzi-bərəkət, ailə səadəti, əmin-amanlıq və işlərinizdə uğurlar arzulayırıq! <> Novruz bayramı əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərinin, dostluq və həmrəylik ruhunun, birliyinin və xoş niyyətinin tərənnümü olmuşdur. Bu bayram bizi əcdadlarımızın qoyduğu zəngin irsə bağlayır, qədim ənənələrimizi yaşadır və gələcək nəsillərə ötürmək məsuliyyətini xatırladır. Tonqallarımızda yanan alov əsrarəngiz yaz fəslinin carçısı olmaqla yanaşı, həm də insanları daha da yaxınlaşdıran, saflaşdıran bir işıqdır. Çox sevindirici haldır ki, artıq bayram tonqallarımız Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilən bütün torpaqlarımızda qalanır, Novruz bayramı suveren Azərbaycanın hər bir guşəsində boyük coşğu ilə qeyd edilir. Ərazi bütövlüyü tam bərpa olunmuş, gündən-günə inkişaf edən Azərbaycan xalqının xoş ovqatı və rifahının yüksəlməsi biz ağsaqqalları çox qürurlandırır. <> Bu mübarək bayram hər bir azərbaycanlının qəlbində özünəməxsus bir sevinc, ruh yüksəkliyi və ümid işığı yaradır. Bu gözəl bayram günlərində arzu edirik ki, hər evin ocağı daim isti, süfrələr bol ruzili, istəklər isə gerçək olsun. Qoy Novruzun gətirdiyi canlanma və bahar təravəti xalqımıza yeni uğurlar, firavan günlər və xoşbəxt gələcək nəsib etsin! Ölkəmizdə daim sülh, əmin-amanlıq bərqərar olsun, xalqımızın birliyi və həmrəyliyi daha da möhkəmlənsin! Qoy Novruzun ilahi nuru qarşıdan gələn illərdə ölkəmizə daha böyük nailiyyətlər, daha parlaq zəfərlər, hər bir ailəyə davamlı sevinc, bol ruzi-bərəkət və tükənməz xoşbəxtlik gətirsin! <> Bu mübarək bayram günlərində bir daha bütün Azərbaycan xalqını ən səmimi və xoş arzularla səmimi-qəlbdən təbrik edir, hər kəsi mehribanlıq, xeyirxahlıq və qardaşlıq ruhunu qoruyub saxlamağa, milli dəyərlərimizi yaşatmağa, gələcək nəsillərə örnək olmağa dəvət edirik. Unutmayaq ki, biz birlikdə güclüyük, birlikdə yüksəlirik və birlikdə uğurlu gələcəyə addımlayırıq! <> Bayramınız mübarək olsun! <> Dərin hörmətlə, <> Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin <> üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV