16-04-2025
<> Aprel ayının 15-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. <> İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – millət vəkilləri Eldar İbrahimov və Ağalar Vəliyev, Tahir Süleymanov, Bayram Yusifov, professor Vahid Novruzov, akademik Abel Məhərrəmov, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər. <> Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Eldar Quliyev iclas iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə gündən-günə inkişaf etməsindən, qazanılan nailiyyətlərdən bəhs edib. Vurğulayıb ki, hər zaman dövlətimizi, xalqımızı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşən Azərbaycan Ağsaqqallar Şurasının üzvləri öz fəaliyyətlərini daha da intensivləşdirərək ictimai-siyasi və sosial-mədəni proseslərdə yaxından iştirak edirlər. Sonra Azərbaycan Ağsaqqallar Şurasının 2025-ci üçün hazırlanmış İş planı əsasında həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı müzakirələr aparılıb. İş bölgüsü əsasında Şuranın sədr müavinlərinin nəzarət etdiyi şəhər və rayon təşkilatlarında illik hesabat konfranslarının, regional iclasların keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci il üçün ölkəmizdə elan olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində, eləcə də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və digər əlamətdar tarixi günlər, aktual məsələlərlə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, şəhər və rayonlarda müxtəlif fəaliyyət sahələrində uzun müddət uğurla çalışmış, cəmiyyətdə tanınmış və hörmət qazanmış ictimai fəal insanlar, bütün nüfuzlu ağsaqqallar təşkilata cəlb edilməli, şəhid ailələrinin üzvləri və qazilər hər zaman diqqətdə saxlanılmalı, əsasən də gənclərlə iş daha yüksək səviyyədə qurulmalıdır. Xüsusilə bu gün cəmiyyətimizin ən ağrılı yeri olan boşanmaların sayının artmasına, erkən nikahların bağlanmasına, eləcə də alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər zərərli vərdişlərin gənc nəsil arasında yayılmasına qarşı ciddi tədbirlər görülməli, gənclərlə maarifləndirici söhbətlər aprılmalı, layihələr yerinə yetirilməli, bu sahədə digər qurumlarla birgə fəaliyyət proqramları həyata keçirilməlidir. İclasda, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarında yerli təşkilatlarının fəaliyyət göstərdiyi vurğulanıb. Qeyd edilib ki, yaxın zamanlarda Şuşada və işğaldan azad edilmiş digər rayonlarımızda da Şuranın yerli təşkilatlarının fəaliyyəti bərpa ediləcəkdir. Tədbir zamanı bir sıra digər səmərəli təkliflər də səsləndirilib. Vurğulanıb ki, xüsusilə rayonlarda keçirilən tədbirlərə həmin dairədən seçilən deputatlar da dəvət olunsun, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə yaxından əməkdlıq edilsin və ehtiyacı olan ağsaqqalların istirahət və müalicə mərkəzlərinə yollayışlarla təmin edilməsinə dəstək göstərilsin.