İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Azərbaycan Ağsaqqallar Şurasının Gənclər Günü münasibətilə təbriki

02-02-2025

Xəbər Şəkli

<> Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şuranın çoxsaylı üzvləri adından gənclərimizi təbrik edib. Təbrikdə deyilir: <> Əziz gənclərimiz! <> Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir və hər birinizə möhkəm cansağlığı, daim xoş əhvali-ruhiyyə, təhsilinizdə, fəaliyyətinzdə və şəxsi həyatınızda davamlı uğurlar arzulayırıq! <> Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyev gənc nəsli hər zaman cəmiyyətimizin aparıcı qüvvəsi kimi dəyərləndirərək, müasir gənclərin yüksək təhsilli, intellektual səviyyəli və dünyagörüşlü, eləcə də milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhlu yetişmələri üçün öz diqqət və qayğısını əsirgəməmişdir. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda gənclərimiz Ulu Öndərin mirasını yaşatmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında ölkəmizin inkişafına öz dəyərli töhfələrini verməkdə davam edirlər. Qəhrəman gənclərimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində yüksək döyüş əzmi, cəsarət və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın Zəfər salnaməsini yazdılar. Onlar Vətən uğrunda canlarını fəda etməkdən çəkinməyərək, şanlı Türk tarixinə adlarını əbədi olaraq həkk etdilər. Bu gün artıq gənclərimiz işğaldan azad edilən torpaqlarımızda gedən genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edərək, Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfələr verirlər. <> Azərbaycan Ağsaqqallar Şurasının üzvləri də gənclərimizin maarifləndirilməsində, vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlərə bağlı sağlam şəkildə yetişdirilməsində yaxından iştirak edir, onların cəmiyyət üçün layiqli vətəndaşlar olaraq formalaşmasında bilik və bacarıqlarını əsirgəmirlər. Sabahımızı etibar edəcəyimiz və gələcəyimiz olan bugünkü gənc nəsil bizim üçün çox qiymətlidir. Gənclərimiz də heç zaman unutmamalıdırlar ki, elmə, təhsilə, müasir biliklərə yiyələnməklə, texnoloji yenilikləri mənimsəməklə, dövlətin diqqət və qayğısından layiqincə bəhrələnməklə yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin və cəmiyyətimizin inkişafında böyük xidmətləri olan müdrik ağsaqqallarımızdan çox şey öyrənməlidirlər. <> Dəyərli gənclərimiz! <> Siz Azərbaycanı yeni zirvələrə yüksəldəcək potensiala sahib güclü və istedadlı nəsilsiniz, bu günün liderlərisiniz. Elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığınız nailiyyətlər ölkəmizin dünya miqyasında tanınmasına və qəbul edilməsinə mühüm töhfələr verir. Bu gün biz uğurlarınızı böyük fəxrlə izləyir və Sizinlə qürur duyuruq. Bir daha Sizi Gənclər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə bundan sonra da böyük nailiyyətlər, sağlam və xoşbəxt həyat diləyirik! <> Hörmətlə, <> Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı <> üzvləri adından Şuranın sədri, <> millət vəkili, professor Eldar QULİYEV