İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

30-10-2024

Xəbər Şəkli

<> Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən rəsmi qəbulda iştirak edib. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla parlament üzvləri, dövlət və hökumət rəsmiləri, Vətən müharibəsi iştirakçıları və qaziləri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri qatılıblar. <> Tədbirdə əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə tədbir iştirakçılarına videomüraciəti izlənilib. <> Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı öz çıxışında bu günün önəmini vurğulayaraq qeyd edib ki, kökləri güclü tarixə söykənən Türkiyə Cümhuriyyətini daha da inkişaf etdirmək əsas hədəflərdəndir. Qlobal imkanlara çıxışı olan güclü, özünü təmin edən milli iqtisadiyyat türk xalqının ən böyük istəyidir. Türkiyənin məqsədi dünyanın 10 ən böyük iqtisadiyyatına malik olmaqdır. Onun sözlərinə görə, ticarət və iqtisadi əlaqələr bundan sonra daha da inkişaf edəcək və şaxələnəcək. O, həmçinin, vurğulayıb ki, biz ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan, qəlblərdə dərin kök salmış müstəsna qardaşlığın şahidi oluruq. Bu qardaşlığın köklərini birlikdə dərinləşdiririk. <> Daha sonra çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Türkiyə Respublikasının Cümhuriyyət Bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırıb. Bildirib ki, 101 il öncə qəhrəman Türkiyə xalqı Qazi Mustafa Kamal Atatürkün öndərliyində vahid amal ətrafında sıx birləşərək, istiqlaliyyət uğrunda sönməz mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elan edilməsi məhz həmin sarsılmaz iradənin qəti və yekun zəfəridir. Türkiyə Respublikası qurulduğu andan etibarən bütün çətinlikləri və maneələri dəf edərək, öz dövlətçiliyinin qorunub saxlanması və gücləndirilməsi, müstəqil milli inkişafının təmin olunması yolunda inamla addımlayır. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi altında Türkiyə siyasi, iqtisadi, hərbi, elmi, texnoloji və digər sahələrdə möhtəşəm tərəqqiyə nail olub. Spiker, həmçinin, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu qardaşlıq münasibətləri həm də ümumi rifaha və tərəqqiyə xidmət edir. Eyni ailənin üzvü olduğumuz digər türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının institusional cəhətdən gücləndirilməsi istiqamətində atılan addımlar isə Türk dünyasının daha da sıx birləşməsinə imkan yaradır. <> Milli Məclisin sədri çıxışının sonunda Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin, birlik və həmrəyliyinin daim inkişaf edəcəyinə və yeni-yeni zirvələrə yüksələcəyinə əminliyini bildirib. <> Tədbir ziyafət və konsert proqramı ilə davam edib.