İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

AQİYƏ NAXÇIVANLI – TƏBRİK

11-03-2025

Xəbər Şəkli

<> Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Aqiyə xanım Naxçıvanlının doğum günüdür. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Aqiyə xanıma təbrik ünvanlayıblar. Təbrikdə deyilir: <> Hörmətli Aqiyə xanım! <> Sizi – Azərbaycanın elmi-pedaqoji həyatında dərin iz qoymuş, Vətənimizə, xalqımıza və dövlətçiliyimizə sədaqətlə xidmət etmiş tanınmış ziyalımızı, görkəmli ictimai-siyasi xadimi və nüfuzlu pedaqoqu Doğum Gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq! <> Uzaqgörən, prinsipial, vətənpərvər və yüksək intellektli bir şəxsiyyət olaraq Siz həmişə milli maraqlarımızı uca tutmuş, Azərbaycan dövlətçiliyinin inkişafına dəyərli töhfələr vermiş, ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, bilik və bacarığınızı xalqımızın rifahına həsr etmisiniz. Bu illər ərzində Azərbaycan elminin inkişafı və cəmiyyətimizin sağlam təməllər üzərində qurulması yolunda yorulmaz fəaliyyət göstərmisiniz. Gənc nəslin milli ruhda tərbiyəsi, dövlətçiliyimizin güclənməsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində gördüyünüz işlər əvəzsizdir. <> Uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətiniz dövründə minlərlə savadlı, vətənpərvər gənclərin yetişdirilməsində böyük əməyiniz olmuşdur. <> Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi də Siz hər zaman cəmiyyətin ən mühüm məsələlərinə diqqətlə yanaşmış, xalqımızın rifahı, milli birlik və həmrəylik naminə yorulmadan fəaliyyət göstərmisiniz. Ağsaqqallarımızın nüfuzunu daha artırmaq, onların bilik və təcrübəsini gənc nəslə ötürmək üçün həyata keçirdiyiniz işlər təqdirəlayiqdir. Sizin müdrik nəsihətləriniz, səmimi və qayğıkeş münasibətiniz, dəyərli tövsiyələriniz gənclərimiz üçün olduqca əhəmiyyətlidir. Azərbaycan elminə verdiyiniz töhfələr, siyasət və ictimaiyyət sahəsindəki fəaliyyətiniz təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də dəyərli bir mirasdır. Sizin ömür yolunuz, elmi və ictimai-siyasi fəaliyyətiniz, millətimizə, dövlətimizə və cəmiyyətimizə göstərdiyiniz xidmətlər həmişə yüksək dəyərləndirilmişdir. <> Fədakar əməyiniz dövlətimiz tərəfindən dəfələrlə ali təltiflərə – “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” və digər yubiley medallarına, eləcə də bir sıra dəyərli mükafatlara və “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Ən böyük mükafatınız isə xalqımızın Sizə bəslədiyi dərin hörmət və sevgi olmuşdur. <> Hörmətli Aqiyə xanım! <> Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə ailə səadəti, firavanlıq, işlərinizdə uğurlar, elmi və ictimai fəaliyyətinizdə davamlı nailiyyətlər diləyirik! Qoy həyatınız bundan sonra da xoş günlərələ və sevincli anlarla dolu olsun! <> Dərin hörmət və səmimiyyətlə, <> Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin <> üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV