İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Ağsaqqallar Zəfər Gününün İşığına Toplaşdılar.

05-11-2024

Xəbər Şəkli

<> Azərbaycan Ağsaqqallar Şurasının İmişli rayon təşkilatının Zəfər günü ilə əlaqədar konfransı keçirildi. Tədbir iştirakçıları və qonaqlar əvvəlcə şəhərin baş meydanında ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzdülər. Konfransda ulu öndərin, Azərbaycanın azadlığı, istiqlaliyyəti və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildi. <> Ağsaqqallar Şurasının İmişli rayon təşkilatının sədri Saleh Səmədov giriş sözündə 44 günlük Vətən Müharibəsində mənfur düşmən üzərində qazanılan qələbənin insanların qəlbində dərin iftixar hissi yaratdığını xüsusi vurğuladı: "Qəhrəman övladlarımız" öz canları, qanları bahasına Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdaqından xilas etdilər! Vətənimizin ərazi bütövlüyü bərpa edildi! Azərbaycan Respublikası müstəqillik illərində təkcə hərbi-siyasi sahədə deyil, həm də iqtisadiyyatın inkişafı, mədəni quruculuq sahəsində də böyük nailiyyətlər əldə etmişdir. Respublikamızın milli gəliri durmadan artır, hər il yeni zirvələr fəth olunur, əhalimizin maddi rifahı daim yaxşılaşır. Bütün bunlar aparılan düzgün sosial-iqtisadi siyasəti nəticəsində mümkün olmuşdur. respublikamızın ağsaqqalları da bu ictimai-siyasi inkişafdan və quruculuq işlərindən kənarda qalmamışlar. Ümummilli liderimiz Heydər Əliyev hər zaman ağsaqqallara böyük ehtiramla yanaşmış, həmişə ağsaqqal sözünə, hikmətinə yüksək qiymət verərək, onları cəmiyyətin layiqli, müdrik və fəxri üzvü hesab edirdi. Dahi rəhbərimiz qeyd etmişdir ki, "Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur!". Ölkəmizin qarşılaşdığı ən mürəkkəb dövrlərdə ağsaqqalların sözünə, onların nüfuzuna və təcrübəsinə xüsusi önəm verirdi. Azərbaycan Prezidenti İlham Əliyev də ağsaqqallara böyük diqqət göstərir, hörmətlə yanaşır. Ağsaqqallarımız dövlət başçısının bu dəstəyinə arxalanaraq ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə dövlətimizin apardığı uğurlu siyasəti daim müdafiə edir və bu proseslərdə yaxından iştirak edirlər". <> Rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev çıxışında Azərbaycanda tarixin bütün mərhələlərində ağsaqqalların yüksək hörmət və nüfuz sahibi olduğunu, cəmiyyətdə özünəməxsus yer tutduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan Ağsaqqallar Şurası fəaliyyətə başladığı gündən xalqımızın mütərəqqi tarixi ənənələrinin, zəngin milli-mənəvi dəyərlərinin qorunması işinə daim öz tövhəsini verməyə çalışır. Tarixin ən həll edici hallarında müdrik seçimlər Azərbaycanın böyük bəlalardan qoruyub. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində bu gün əldə olunan bütün uğurların təməlini qoyub. Milli ideologiyamızın mühüm tərkib hissələrindən biri ümumbəşəri dəyərlərdir. Bu barədə ümummilli lider Heydər Əliyevin sözlərini diqqətə çatdırmaq istərdim: "Bizim xalqımızın mənəvi-əxlaq mentaliteti onun ən böyük milli sərvətidir. Biz də nə qədər gözəl əxlaq qaydaları var, bunlar əsrlər boyu formalaşıb. Məsələn, kiçiyin böyüyə hörməti böyüyün kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu bizim xalqımızın mentalitetidir. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhtəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir". <> Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafında, cəmiyyət həyatının müxtəlif məsələlərin həllində ağsaqqalların töhfəsinin təmin edilməsi istiqamətində mühüm işlər görmüşdür. Azərbaycan xalqı yüz illərdir ki, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb, qoruyub saxlayıb. Bu gün yeniyetmə və gənclərin Vətənə məhəbbəti, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda böyüməsində və tərbiyə edilməsində ağsaqqalların üzərinə böyük məsuliyyət düşür. <> Konfransda iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iqtisad elmləri doktoru, professor Vahid Novruzov ilk olaraq qarşıdan gələn Zəfər Günü ilə əlaqədar yığıncaq iştirakçılarını təbrik etdi. konfransın belə bir əlamətdar hadisəyə həsr olunmasını yüksək dəyərləndirən natiq, əldə edilmiş tarixi qələbədə milli həmrəyliyin, ictimaiyyətin bütün nümayəndələrinin Ali Baş Komandan ətrafında yumruq kimi birləşməsində mühüm rol oynadığını qeyd etdi. O bildirdi ki, 1989-cu ildə təsis edilən, 1990-cı ildə isə dövlət qeydiyyatından keçən Azərbaycan Ağsaqqallar Şurası məhz elə Vətən müharibəsinin gedişində - 29 sentyabr 2020-ci ildə özünün növbədənkənar - 8-ci qurultayını keçirib və Milli Məclisin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev təşkilatın sədri seçilib. Öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətən məhəbbəti, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəsilin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhda tərbiyə işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə bilik və bacariqlarını əsirgəmirlər". <> Çıxış edən ağsaqqallar bildiriblər ki, 2024-cü il dövlətimiz tərəfindən " Yaşıl Dünya Naminə Həmrəylik ili" elan edilmişdir. Bu məqsədlə havanın, suyun, yaşıllığın qorunması üçün əlimizdən gələn işləri həyata keçirir və gələcəkdə də bu istiqamətdə tədbirlərimiz davam etdiriləcək. Qeyd etmək yerinə düşər ki, hesabat dövründə rayon mərkəzində və rayonun kəndlərində vaxtaşırı və silsilə tədbirlər həyata keçirilmişdir. İnanırıq ki, rayonumuzun ağsaqqalları konfransımızın qəbul etdiyi qərarları uğurla həyata keçirmək üçün qüvvə və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklər. <> Konfransda Bəhrəmtəpə qəsəbə ərazi təşkilatının sədri, şəhid atası Yaqub Hüseynov, Azərbaycan Ağsaqqallar Şurasının İmişli rayon təşkilatının təşkilati məsələlər üzrə sədr köməkçisi Vahid Tağıyev, Ölcələr kənd ərazi təşkilatının sədri Mirsaleh Mirsalahov, Qaralar kənd ərazi təşkilatının sədri Şəmsəddin Həsənov çıxış edərək, yerlərdə ictimaiyyətlə sıx əlaqə qurduqlarını rayonun nüfuzlu şəxslərinin bu təşkilata etimad göstərdiyini və buna görə də üzvlük üçün müraciətlərin artdığını bildirdilər. Konfransın sonunda təşkilati məsələlərə baxıldı və idarə heyətinin yeni tərkibi seçildi. <> Ərəstun Abdulov <> "Republika"