31-10-2024
<> Avropa Parlamentinin əsassız olaraq qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi heç bir fakta və əsasa malik olmayan kağız parçasından ibarətdir. Özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən Azərbaycana qarşı “hücum” kampaniyasına başlayıb. Azərbaycan Milli Məclisi də haqlı olaraq Avropa Parlamentinin bu addımını kəskin şəkildə pisləyib və orada ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edib. <> Bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib. <> O qeyd edib ki, artıq Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığı bir “adət” halını alıb: “Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər və kəndlərimizin yer üzündən silinməsi faktlarına Avropa Parlamenti heç vaxt qiymət verməyib. Eyni zamanda işğal olunmuş torpaqlarımızda və Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsinin kütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın hüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləri iztirablar avropalı parlamentarilərini heç vaxt maraqlandırmayıb. Reallıq isə odur ki, Avropa Parlamentində 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra etməsi ilə də barışa bilməyiblər. Bu qurum açıq şəkildə özünün anti-Azərbaycan xislətini ortaya qoyub. Məhz həmin qərəzli qətnamənin mətnindən də bunu açıq şəkildə görmək mümkündür”. <> Eldar Quliyev hesab edir ki, bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan əsassız, absurd iddialar, ittihamların irəli sürülməsi məntiqsizdir: “Faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik olunur. Bu, eyni zamanda ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir. Görünən odur ki, elə Avropa Parlamentinin özü tərəfindən növbəti dəfə Ermənistana “xüsusi nəvaziş” nümayiş etdirilir. Ermənistanı silahlandıraraq, revanşist meyilləri gücləndirərək, regionda yenidən münaqişənin alovlandırılmasına təşəbbüslər olunur”. <> Deputat bildirib ki, həmin qərəzli qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, qərbi azərbaycanlıların haqlı tələbləri ilə bağlı heç bir ifadə yer almayıb: “Həmçinin ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqqında da Avropa Parlamenti nəsə demək istəmir. Bu da həmin “sənədin” nə dərəcədə qərəzli və birtərəfli olmasını təsdiq etmiş olur. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə sadəcə hiddət doğurur”. <> Eldar Quliyevə görə, bu gün Fransa kimi ölkələr, Avropa Parlamenti kimi təşkilatlar Azərbaycanın qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə qərəzli münasibət sərgiləyir: “Hətta avropalı parlamentarilər iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməyə uğursuz cəhdlər edirlər. Ona görə də Avropa Parlamentinin bu qərəzli qətnaməsi Azərbaycanofob, türkofob və islamofob qüvvələrin həqiqi mahiyyətinin ifadəsi hesab edilir. Eyni zamanda bu cür qərəzli yanaşmalar Avropa Parlamentində kök salmış korrupsiyanın və rüşvətxorluğun mahiyyətini göstərir. Sözsüz ki, bu cür qərəzli qətnamələr Fransanın, Ermənistanın və erməni lobbisinin yalanları üzərində qurulub. Görünən isə odur ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət bu qüvvələri ciddi şəkildə narahat edir. Amma onlar bir faktı unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq mümkün deyil”.