27-01-2025
<> Bu günlərdə rayonumuzun sayılıb, seçilən çox hörmətli ağsaqqallarından Atakişiyev Məmi İmran oğlunun 75, İmanov Famil Əli oğlunun 70 illik yubileyi münasibəti ilə İmişli rayon Ağsaqqallar Şurasının qərargahında təntənəli tədbir keçirildi. Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, idarə heyətinin üzvləri, şuranın kənd ərazilərini təmsil edən sədr və müavinləri iştirak edirdilər. Tədbirdə çıxış edənlər yubilyarların keçdikləri zəngin həyat yolundan söz açaraq hər iki şəxsiyyətin İmişli rayonunun fəxri ağsaqqalı statusuna layiq olduqlarını inamla qeyd etdilər. <> Xüsusi ilə qeyd etmək lazımdır ki, bu fəxri ad Respublikamızın dəyərli, ömrünü Azərbaycan xalqının rifahına və dövlətimizin iqtisadi-siyasi tərəqqisinə töhvələr vermiş və el oba arasında yüksək nüfuzu ilə seçilmiş insanlara verilir. Təqdim olunan bu mötəbər təltiflər Azərbaycan Ağsaqqallar Şurasının, öz fəaliyyətində yenilməz iradə, cəsarət və fədakarlıq nümayiş etdirən İmişli rayon Ağsaqqallar Şurasına, şuranın sədri hörmətli Saleh Səmədova verdiyi yüksək qiymətin və ədalətli münasibətin təzahürüdür! <> Fərəh hissi ilə bildiririk ki, bu günlərdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, hörmətli professor Eldar Quliyevin Türkmənistan Respublikasına rəsmi səfəri çərçivəsində, onun Türkmənistan xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşü baş tutmuşdur. Türkmənistan Respublikasının ali tribunasından çıxış edən hörmətli professor türkmən xalqının liderini Azərbaycan Respublikası Ağsaqqallar Şurasının ali mükafatı - Azərbaycan Respublikasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif etmişdir! Müstəqil dost dövlətin Ali liderinə verilən bu fəxri ad bizim dövlətimizin atributlarının, eyni zamanda, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının, onun rəhbərliyinin yüksək dəyər və nüfuzunun təsdiqidir. <> Bir daha qurur hissi ilə qeyd etmək lazımdır ki, şahidi olduğumuz bütün bu nailiyyətlər çox hörmətli professor Eldar Quliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Ağsaqqallar Şurasının çöxşaxəli, dinamik fəaliyyətinin parlaq göstəricisidir!